Bir neçə gün öncə maraqlı yuxu gördüm.
Yuxuda bir Almanla sosial dəyişiklik mövzusunda söhbət edirdik. Adam məni çox maraqla, amma təkəbbürlə dinləyir və seyr edirdi. Mən dediklərimi bitirdikdən sonra Alman mənə qısa olaraq "haqqında danışdığın dəyərləri öncə özün tətbiq elə və sonra insanlar üçün To Do list (Nə Etməli siyahısı) hazırla" dedi.
Yuxunun özü maraqlıdır, amma yuxuda verilən mesajı nə cür başa düşüb, qəbul etməyim daha maraqlıdır. Dəyər deyəndə aydındır ki, universal dəyərlər olan - azad dəyərlər nəzərdə tutulur. Demokratik dəyərlərlə bir anlayış olaraq mən ilk dəfə kitablardan və 2003-2004-cü illərdəki Amerika təhsilimdən tanış oldum.
Kitablarda azad dəyərlər mənə çox xoş və həyatda tətbiqi asan olacaq ideyalar kimi gəlirdi. Avtoritar düşüncədən demokratik təfəkkürə keçidin, dəyişikliyin çətin və məsuliyyətli bir şey olduğunu dərk etmirdim. Kitablarda anlayış olaraq qəbul etdim və sonra Amerikaya getdim.
Amerikaya getdikdən sonra kitablardan oxuduğum demokratiyanı canlı həyatda gördüm. Qaldığım ailədəki münasibətlər sistemində gördüm. Oxuduğum məktəbdə və universitetdə təhsil prosesi o qədər liberal qurulmuşdu ki, tələbə məktəb həyatında (idarəçilik, qərarvermə, təşkilatçılıq və s) hərtərəfli iştirak edirdi. Tələbə azad idi, idarə edirdi. Müəllimə tabe olmurdu, onunla əməkdaşlıq edirdi.
İnsanlar arasında olan qarşılıqlı inam və etimad, fərqliliyin qiymətləndirilməsi nəticəsində yaranmış müxtəlif rəngli cəmiyyət mənə demokratiya nümunəsi oldu. Mən avtoritar təfəkkürlü ölkədən gəlib demokratik cəmiyyətin bir üzvü, iştirakçısı oldum. Gördüm ki, insanların fərqliliyinə, aralarında olan fikir ayrılıqlarına baxmayaraq onları ortaq dəyər birləşdirir. Bu ortaq dəyər, ümumbəşəri dəyərlər üzərində qurulmuş Amerikan olmaq dəyəridir. Amerikan kimliyi etnik kimlik deyil, dini kimlik deyil, insanları birləşdirən dəyərdir.
Kitablardan oxuduğum azadlığı orda yaşadım. Amerikada onların tətbiqi çox ağrılı olmadı, çünki azad olmam üçün azad ortam var idi. Azərbaycana döndükdən sonra azad insan olmaq ağrıverici proses oldu. Mənim azad insan olmam üçün digərlərinin də azad olması lazım idi. İnsanlar üçün azad məkanlar (müzakirələr, proyektlər və s) yaratmaqla bərabər fərd olaraq da azad insana çevrilirdim. Bu proses daim gedir və həmişə gedəcək. Fərdi AZADifikasiya bitməyən bir prosesdir.
Kiminsə kiməsə nəyisə öyrətməsinə inanmıram. Hər kəs özü öyrənir. Mən öz uğur və tövsiyələrimi paylaşa bilərəm. Mənim azad insan olmamda kitabların, dostlarımın, iştirak etdiyim yerli və beynəlxalq tədbirlər, Amerikada 2 illik təhsilim, gəzdiyim ölkələr və dəyişikliyə açıq olmağımın rolu danılmazdır.
Siz də denəyin.....
Ruslan Əsəd.
perestroikaofvalues.blogspot.com
Added by Lincoln.
|